Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşaçıların çox sevdiyi və böyük maraq göstərdiyi balet 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr ediləcək.
Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər. Rusiyalı balet ustaları ilə bərabər tamaşada teatrımızın solistləri Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova, Failə Bolqarova, Mehman Mərdanov, Leyla Narimanidze və Dilarə Mehdiyeva iştirak edəcəklər.
Səhnə əsəri Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.
azertag.az