Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes forumu keçirilib
21.2.2018

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Özbəkistan Ticarət-Sənaye Palatası (TSP) və ölkəmizin Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ASK-nın prezidenti Məmməd Musayevin rəhbərliyi ilə ölkəmizin 20-dən artıq şirkətinin, Özbəkistan biznes dairələrinin nümayəndələri iştirak ediblər.

Özbəkistan TSP-nin sədri Adxam İkramov tədbirdə çıxış edərək ölkələrimiz arasında biznes sahəsində əlaqələrin müasir tələblərə cavab vermədiyini bildirib. O deyib ki, 2017-ci ildə həm Bakıda, həm də Daşkənddə müxtəlif görüşlər keçirilib, bütün sahələrdə əməkdaşlıq durmadan inkişaf edir və bu işdə Azərbaycanın Özbəkistandakı səfirliyinin böyük rolu var.

A.İkramov qeyd edib ki, bu, birinci biznes forumdur. İnanırıq ki, bu tədbirdən sonra biznes sahəsində də əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək.

ASK-nın prezidenti Məmməd Musayev deyib ki, Azərbaycan-Özbəkistan əlaqələri sabit inkişaf edir, hökumətlərarası birgə komissiya uğurla fəaliyyət göstərir. Özəl bölmədə də əlaqələrin səviyyəsi get-gedə yüksəlir. Bugünkü görüşümüz buna bariz misaldır. M.Musayev bu sahədə əməkdaşlığın yüksək səviyyəyə qaldırılması üçün İşgüzar Şuranın yaradılmasını təklif edib. “Ölkələrimiz arasında əmtəə mübadiləsinin həcmi bizi qane etmir, bu sahədə imkanlar böyükdür və biz bundan istifadə etməliyik”, - deyən ASK-nın prezidenti qeyd edib ki, Azərbaycanın iş adamları arasında neft-qaz avadanlıqları, tikinti, kənd təsərrüfatı, turizm, proqram təminatı, yüngül sənaye, əczaçılıq, nəşriyyat işi və digər sahələrin nümayəndələri var.

Səfir Hüseyn Quliyev vurğulayıb ki, müasir dövrdə ikitərəfli münasibətlərimizin əsası ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələr Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.

Diplomat qeyd edib ki, son illərdə Azərbaycan və Özbəkistan arasında əlaqələr siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla inkişaf edir. Əməkdaşlığın bu səviyyəyə çatmasında Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyayevin şəxsi dostluq əlaqələrinin böyük rolu var.

Özbəkistanın bütün sahələrdə Azərbaycanı dəstəklədiyini deyən Hüseyn Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində də bu ölkənin Azərbaycanın yanında olduğunu bildirib.

Özbəkistanın investisiyalar üzrə Dövlət Komitəsi sədrinin müavini Laziz Kudratov ölkələrimiz arasında əlaqələrin səviyyəsindən danışıb. O deyib ki, hazırda Özbəkistanda 71 Özbəkistan-Azərbaycan birgə müəssisəsi işləyir. 11 müəssisə isə Azərbaycan kapitalının iştirakı ilə fəaliyyət göstərir. Arzu edərdik ki, birgə müəssisələrin sayı daha çox olsun və onlar Özbəkistan iqtisadiyyatına öz töhfələrini versinlər.

ASK baş katibinin müavini Fuad Hümbətov, “Neuron Technologies LLC” şirkətinin icraçı direktoru İsmayıl Ələkbərov, Özbəkistanın “Öztikintimaterialları” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Batır Zaripov və başqaları biznes dairələri arasında əlaqələrin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması, “ASAN xidmət”in Özbəkistanda tətbiqi və digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Biznes forumun yekunları ilə bağlı Məmməd Musayev və Adxam İkramov mətbuat konfransı keçiriblər.

Biznes forum çərçivəsində Azərbaycan və Özbəkistan biznes dairələrinin nümayəndələri əməkdaşlıqla bağlı ikitərəfli görüşlər də keçiriblər.

Həmin gün Azərbaycanın iş adamları Daşkənddəki “Navruz International” və “Middie Asia Roto Plast” Məhdud Məsuliyyətli cəmiyyətlərinə gedib, bu istehsal sahələrinin iş şəraiti ilə tanış olublar.

azertag.az