İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
22.2.2018

Fevralın 23-dən 27-dək Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda İran kinosu günləri keçiriləcək.

Bu məqsədlə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə güllər qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Jurnalistlərə açıqlama verən Abuzər İbrahimi Türkaman deyib: “Azərbaycan bizim üçün dost və qardaş ölkədir. İki ölkə mədəni, tarixi və dini baxımdan bir-birinə sıx bağlıdır. Azərbaycan və İran arasında bütün sahələrdə çox yaxşı münasibətlər var və iki ölkə prezidentlərinin rəhbərliyi ilə daha da inkişaf etməkdədir. Ötən il Azərbaycan mədəniyyəti günləri Tehran, İsfahan və Ərdəbil şəhərlərində çox yüksək səviyyədə keçirildi. İndi isə Azərbaycanda İran kinosu günləri təşkil olunur”.

Qonaq onu da qeyd edib ki, səfər zamanı mədəniyyət tədbirləri ilə yanaşı, Azərbaycan və İran arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivlərinin və digər məsələlərin müzakirəsi də nəzərdə tutulur.

Qeyd edək ki, İran kinosu günləri çərçivəsində Nizami Kino Mərkəzində iranlı rejissorların “Cangüdən”, “Xəyalın şirin tamı”, “Divanə top” və “Ayaqqabım hanı?” bədii filmləri nümayiş etdiriləcək.

azertag.az