Musiqili Teatrda “Açıq qapı” günü
22.2.2018

Martın 8-də Azərbaycan Dövlət Musiqili Teatrında “Açıq qapı” günü keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tamaşaçılarına görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasını hədiyyə edəcək. Səhnə əsərində baş rolun ifaçısı milyonların sevimli gülüş ustası, Xalq Artisti Afaq Bəşirqızı olacaq. Nümayiş olunacaq bu səhnə əsəri gözlənilməz və maraqlı situasiyalarla zəngindir. Tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir.

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq Artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənovdur. Tamaşada digər rolları Əməkdar Artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova və digərləri canlandıracaq. Səhnə əsərinin baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

azertag.az