Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat bu gün saat 18.00-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 189 vakant icraçı vəzifəsinə (B növü) qəbul üçün fevralın 23-ü saat 10.30‑a olan məlumata əsasən, 112 müraciət qeydə alınıb. Birinci yerə düşən ərizələrin orta sayı 0.59-dur. 94 vakant vəzifə üzrə heç bir müraciət qeydə alınmayıb. Müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı DİM-in rəsmi saytında tanış ola bilərsiniz.
Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiqləyən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.
Sertifikat əldə etmiş, həmçinin fevralın 18-də keçirilən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında uğur qazananlar da müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Elektron bazada namizəd haqqında məlumat olduqda qeydiyyat zamanı fiziki olaraq sertifikat tələb edilmir. Namizədlər məlumatların bazaya daxil edilməsi üçün https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin surətinin, əmək kitabçasının surətinin (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.
Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.
azertag.az