Abşeronda müasir istixana kompleksləri genişləndirilir
26.2.2018

Son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amildir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir.

Abşeron rayonuna təhkim olunmuş Zirə Südçülük Tərəvəzçilik sovxozunda 4 hektar sahədə pomidor təsərrüfatı ilə məşğul olan fermer Sübhan Qafarov bu il pomidorun “kanka” növü şitillərini müəssisənin yaxınlığında yerləşən istixanadan alıb, əkib, becərib və hazırda məhsul götürür.

O, müxbirimizlə söhbətdə avqust ayında əkdikləri “kanka” sortlu pomidorun birinci məhsulunu oktyabr ayında yığmağa başladıqlarını bildirib. Hər hektardan 200-250 ton məhsul əldə edildiyini deyən fermer, bu sort pomidorun insan orqanizmi üçün heç bir ziyanı olmadığını bildirib.

Bu gün kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdən biri də müasir texnologiyaların tətbiqidir. Azərbaycanda da xarici ölkələrin təcrübəsindən yararlanaraq təsərrüfatlarını bu cür quran fermerlərin sayı artmaqdadır. Rayonunun kəndlərindəki istixana kompleksləri Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulmuş, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilib.

Rayon icra hakimiyyətinin dəstəyi hesabına müasir istixana komplekslərinin yaradılması bundan sonra da davam etdiriləcək, tərəvəz istehsalı artırılacaq.

azertag.az