Filarmoniyanın mart ayı üçün tədbirlər planı açıqlanıb
27.2.2018

Azərbaycan Dövlət Akademik Filarmoniyası mart ayı üçün tədbirlər planını açıqlayıb.

Filarmoniyada keçiriləcək tədbirləri təqdim edirik.

Martın 2-də T.Quliyev adına 12 nömrəli 11 illik Musiqi məktəbinin, martın 17-də isə Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Filarmoniyada martın 3-də və 5-də Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirlər də təşkil olunacaq. Martın 12-də mədəniyyət ocağında Xalq Şairi Cabir Novruzun 85 illiyi, martın 15-də Aşıq Şəmşir Qocayevin 125 illiyi, martın 30-da isə bəstəkar Vasif Allahverdiyevin yaradıcılıq gecəsi qeyd ediləcək.

Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçiriləcək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının bağlanış mərasimi də martın 14-də bu mədəniyyət ocağında reallaşacaq.

Filarmoniyada, həmçinin martın 16-da poeziya müsabiqəsi qaliblərinin təqdimat olacaq, martın 29-da isə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım mərasimi keçiriləcək.

Filarmoniyanın kamera və orqan musiqi zalında da bir sıra tədbirlər təşkil ediləcək. Martın 1-də Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, martın 7-də “Gənclərə dəstək” layihəsi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı, martın 9-da “Muğam aləmi” V Beynəlxalq Musiqi Festivalı çərçivəsində, martın 16-da Vaqif Mustafazadənin xatirəsinə həsr olunan konsertlər təqdim ediləcək. Martın 12-də Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək, martın 29-da isə Orqan Musiqisi Axşamı təşkil olunacaq.

azertag.az