Florensiyalı qonaqlar Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət ediblər
27.2.2018

Avropa İttifaqının maliyyələşdirdiyi və MUS.E Florensiya Bələdiyyəsinin təsis etdiyi mədəniyyət assuriyasının nümayəndələri “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində Bakıda olublar. Səfər çərçivəsində assosiasiyanın üzvləri Andrea Bianki və Valentina Zukki Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət etdilər.

Muzeyin direktoru Şeyla Heydərova qonaqlara muzeyin yaranma tarixindən, M.Rostropoviçin Bakı səfərlərindən söz açılıb.

Ekspozisiya ilə tanışlıqdan sonra qonaqlara xüsusi olaraq muzeyin 6 minə yaxın fond materialları içərisində unikallığı ilə seçilən M.Rostropoviçin İtaliya ilə bağlı materialları təqdim edilib.

Təqdim edilən materiallar içərisində xüsusilə Ş.Heydərova qonaqlara “İtaly and Rostropovich” adlı buklet təqdim edib. Buklet iki il bundan əvvəl İtaliyanın Milan şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 24–cü Baş Konfransı üçün hazırlanıb. Fondda və ekspozisiyada İtaliya ilə bağlı materialların, maestronun orden, medal və mükafatlarının zəngin olması qonaqlarda böyük təəssürat yaradıb. “Böyük kavalyer Ordeni”nin ekspozisiyada nümayiş olunduğuna görə qonaqlar muzey rəhbərliyinə xüsusi minnətdarlıqlarını bildiriblər.

Qonaqların diqqətinə çatdırılıb ki, M.Rostropoviçin İtaliya ilə bağlı fəaliyyəti 1951-ci ildən, 24 yaşından başlayır. Maestro həm ifaçılıq, həm də dirijorluq fəaliyyəti ilə əlaqədar olaraq bir çox konsertlər verib. İtaliyanın 28 adda ən yüksək orden və mükafatları ilə təltif olunub. Eyni zamanda, maestronun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə yazdığı şəxsi məktubları, onun uşaqlıq dövrünə aid şəkilləri, atasının ona yazdığı sonuncu məktub qonaqların marağına səbəb olub.

Qonaqlar ekspozisiyada yer alan üç fransız rəssamı tərəfindən “Bordo” şərabı ilə çəkilən maestronun portreti qarşısında da təəccüblərini gizlədə bilməyiblər.

Florensiyalı qonaqlar muzeyin rəy kitabına öz ürək sözlərini yazaraq xatirə şəkli çəkdiriblər.

azertag.az