Ölkə boyu avtomobil yollarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib.
AAYDA-dan verilən məlumata görə, bu il həyata keçiriləcək 63 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 353-cü km-də ayrılan yerli əhəmiyyətli Çaylı-Pənahlılar-Dozular yoludur.
Çaylı-Pənahlılar-Dozular avtomobil yolu çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalacaq, ən əsası magistral yola çıxış əldə olunmaqla 3 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gələcək. Bununla da yol boyu yaşayan 3 min nəfər əhalinin gediş-gəlişi həm təhlükəsiz olacaq, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşacaq. Bu amillər isə kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq.
Layihəyə əsasən 18 km uzunluğa malik olan yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun yenidən qurulur, yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Bununla əlaqədar olaraq yolun yararsız qruntu qazılaraq çıxarılır, yararlı çınqıl materialı tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir. Optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşasından sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edəcək.
Yenidənqurma işləri çərçivəsində hazırda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılır. Belə ki, Kürəkçay üzərində yerləşən və hər birinin uzunluğu 54 metr olan 3 aşırımlı 2 avtomobil körpüsü əsaslı şəkildə təmir olunur, yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunur və müxtəlif diametrli 185 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü boruların, həmçinin 1 ədəd 12 paqon-metr uzunluğunda su keçidinin inşası işləri görülür.
Bütün işlər tikinti norma və standartlarına uyğun olaraq, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə AAYDA-nın rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırıldıqdan, yolcizgı və yolgöstərici xətlər çəkildikdən sonra yol tam müasir şəkildə vətəndaşların istifadəsinə veriləcək.
trend.az