Oğuzda Bucaq-Muxas-Baş Daşağıl yolu yenidən qurulur
28.2.2018

Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, 17.5 km uzunluğa malik olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edəcək.

Başlanğıcını respublika əhəmiyyətli R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklüdür. Bu üzdən 4 yaşayış məntəqəsində yaşayan 4 min nəfər əhalini gediş-gəlişində çətinliklər olur. Lakin yolun yenidən qurulması bu çətinlikləri geridə qoyacaq.

Hazırda yol boyu yeni yol yatağının inşası işləri aparılır. Buna paralel olaraq mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülür. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü borunun quraşdırılması nəzərdə tutulub.

Tikinti layihəsinə uyğun olaraq daha sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsası inşa ediləcək, yolun asfaltlanması işləri aparılacaq. Ümumilikdə yolun 100 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Layihə çərçivəsində tikinti işlərindən sonra yolda hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, həmçinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Yenidənqurma işlərindən sonra əhalinin R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna çıxışı asanlaşacaq, onların yetişdirdikləri məhsulların rayon mərkəzinə və qonşu rayon bazarlarına rahat daşınmasına imkan yaranacaq. Bundan başqa yolun əsaslı şəkildə bərpası turizmin də inkişafına səbəb olacaq.


trend