Azərbaycan 12 il ərzində beynəlxalq turizm sərgilərində 165 dəfə təmsil olunub
1.3.2018

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, müvafiq qurumların, turizm şirkətləri və hotellərin iştirakı ilə ölkəmiz ənənəvi olaraq beynəlxalq sərgilərdə təmsil olunur. Hər il iştirak etdiyimiz Türkiyə, Gürcüstan, Almaniya, Rusiya, Hindistan, Çin, BƏƏ, Avstriya, İspaniya, İtaliya, ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa, Qazaxıstan, Ukrayna, İran və bir sıra ölkələrdə təşkil olunan nüfuzlu sərgilərlə yanaşı, ötən il Azərbaycan ilk dəfə İndoneziyanın paytaxtı Cakartada keçirilən IX Ümrə Həcc və Beynəlxalq Turizm Sərgisinə də qatılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə 2006-cı ildən etibarən nazirlik dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq turizm sərgilərində 165 dəfə iştirak edib.

2002-ci ildən başlayaraq Bakıda hər il Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin (AİTF) təşkil olunması və xaricdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak turizm sənayesinin inkişafına təkan verib. Ölkəmizin turizm potensialının, milli mətbəxin, tarixi-mədəni irsin tanıdılması baxımından belə sərgilər böyük əhəmiyyət daşıyır.

Hər ilin aprel ayında Bakı regionun ən böyük turizm sərgisinə ev sahibliyi edir. Ekspo mərkəzində gerçəkləşən AİTF sərgisində dünyanın 20-dən artıq ölkəsinin turizm imkanları, istirahət məkanları və marşrutlar, çeşidli turizm növləri nümayiş olunur. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ekspozisiyalarında Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim edilir. Onlarla turizm agentliyi, hotel və sanatoriyanı bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyasında isə ölkəmizdə və xaricdə turizm təkliflərinin geniş çeşidi təqdim olunur.

Bu il Mədəniyyət və Turizm Nazirliyi İspaniyanın Madrid şəhərində keçirilən “Fitur” və Türkiyənin İstanbul şəhərində keçirilən “EMİTT” sərgilərində iştirak edib.

Bu ilin sonunadək Almaniya, Çin, BƏƏ, Rusiya və Böyük Britaniyada beynəlxalq sərgilərdə iştirak gözlənilir.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın tanıtımı kontekstində ölkəmizdə istehsal olunan məhsulların xarici bazarlarda daha geniş təbliğ olunaraq tanıdılması istiqamətində də kompleks addımlar atılır. Prezident İlham Əliyevin xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi mexanizminin tənzimlənməsi ilə bağlı 2016-cı il oktyabrın 4-də imzaladığı fərman da buna xidmət edir. Fərmanın icrası ilə bağlı yerli sahibkarların beynəlxalq sərgi və yarmarkalarda iştirakının təmin olunması, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili, media vasitələrində təbliği üçün tədbirlər həyata keçirilir. Ötən ildən başlayaraq bir sıra ölkələrdə “Made in Azerbaijan” brendinin tanıdılması məqsədilə tədbirlər təşkil olunub.

Təqdimatlarda sərgi iştirakçılarına Azərbaycanda mövcud turizm marşrutları, tarixi-mədəni abidələr, rekreasiya və turizm mərkəzləri, ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələri haqqında ətraflı məlumat verilib.

Bundan əlavə, ötən illər ərzində CNN, “Euronews” və digər dünyaca məşhur telekanallarda ölkəmizin turizm imkanlarına dair reklam çarxları nümayiş olunub.


trend