“YARAT”ın “Artım” layihə məkanı növbəti sərgiyə hazırlaşır
1.3.2018

Martın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında rəssamlar Şahnaz Ağayeva, Mousa Bəyzadə, İlahə Xalıqova, Aydan Mirzəyeva və Qafar Rzayevin əsərlərindən ibarət “Buraxılış” adlı sərgi açılacaq.

Sərgiyə rəssamların yekun işlərində müzakirə edilən araşdırmaların nəticələri, o cümlədən gender problemləri, rəssam və təbiət arasında əlaqə, sənətin müvəqqətiliyi kimi müxtəlif mövzulara toxunan performans və heykəltəraşlıq əsərləri daxildir.

Şahnaz Ağayevanın "XX/XY" adlı əsəri taxta pazldan ibarətdir. Digərlərindən fərqli olaraq, bu pazlı saysız-hesabsız variantlarda yığmaq mümkündür. Sərgi ərzində ziyarətçilərə pazlın hissələrini yığmaq imkanı təklif ediləcək. Proses, müzakirələr, birgə fəaliyyətlər və baş verə bilən ziddiyyətlər əsərin vacib hissəsini təşkil edir.

Mousa Bəyzadənin əsəri qadın paklığı mövzusunu araşdırır.

İlahə Xalıqovanın performansı - cəmiyyət, şəxsi və mənəvi baxımdan maddi mövcudluq məsələsinə qarşı gender anlayışlarını sual altına qoymağa çalışır.

Aydan Mirzəyevanın əsəri təbiət və rəssam arasında əlaqəni işıqlandırır və “Kim kimə diktə edir?” sualına cavab tapmağa çalışır.

Gənc rəssam Qafar Rzayev sərgidə sözlərdən ibarət əsər təqdim edəcək.

azertag.az