Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədovanın musiqi və klipinin təqdimat tarixi məlum olub.
Yunanıstanın paytaxtı Afina şəhərində lentə alınan klip martın 4-də təqdim ediləcək.
Birinci yarımfinalda çıxış edəcək sənətçinin mahnısının final versiyası isə İngiltərədə hazırlanıb. 8-ci nömrə altında çıxış edəcək Aysel Məmmədova ritmik yox, həzin mahnı ifa edəcək.
Ümumiyyətlə, Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsində iştirakçıların çıxışının ardıcıllığı üzrə atılan püşkatmaya əsasən iştirakçı ölkələrin sayının tək olması nəticəsində təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər. Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək. Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq. Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq. Müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.
Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.
azertag.az