Azərbaycanla Avstriya arasında İKT və nəqliyyat məsələləri üzrə vahid İşçi Qrup yaradılacaq
2.3.2018

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Vyanaya rəsmi səfər çərçivəsində Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar naziri Norbert Hofer ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüş çərçivəsində müxtəlif sektorlar üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair səmərəli müzakirələr aparılıb.

R.Quluzadə ölkəmizin təşəbbüsü ilə son illərdə həyata keçirilən regional əhəmiyyətli infrastruktur layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verib. Bununla yanaşı, İKT sahəsində milli səviyyədə həyata keçirilən proqram və layihələr, o cümlədən Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinə də toxunub.

R.Quluzadə Avstriya şirkətlərini Azərbaycanın İKT və nəqliyat sektorlarında daha fəal olmağa, öz məhsul və həllərini hər il Bakı şəhərində təşkil olunan “Bakutel” sərgisində nümayiş etdirməyə dəvət edib.

N.Hofer ölkəsinin Azərbaycanda həyata keçirilən nəqliyyat və İKT layihələrinə xüsusi maraq göstərdiyini, bu xüsusda, iki ölkənin müvafiq qurumları, eləcə də, özəl sektor nümayəndələri arasında əlaqələrin intensivləşdirilməsini təklif edib.

Tərəflər ikitərəfli əməkdaşlığın hüquqi bazasını təkmilləşdirmək məqsədilə iki Nazirlik arasında yeni əhatəli Anlaşma Memorandumunun hazırlanaraq, imzalanması üzrə razılıq əldə ediblər. Həmçinin ikitərəfli əməkdaşlığın tənzimlənməsi üçün İKT və nəqliyyat məsələləri üzrə vahid İşçi Qrup yaradılması ilə bağlı qərar qəbul edilib.

R.Quluzadə Azərbaycanın haqlı müraciətinə cavab olaraq, “Austria Telekom” şirkətinə məxsus Bolqarıstanın “M-Tel” mobil operatorunun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom”la rouminq sazişini ləğv etməsindən məmnunluğunu ifadə edib.

Görüş zamanı R.Quluzadə, həmçinin Bakı şəhərinin Ümumdünya Sərgisinə 2025-ci ildə ev sahibliyi etmək namizədliyi barədə məlumat verib və Avstriyanı namizədliyimizi dəstəkləməyə çağırıb.


trend