Martın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində geniş ictimaiyyətə “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi açılacaq.
Muzeydən bildirilib ki, sərgi muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan “Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” “coğrafi” sərgi silsiləsini davam etdirir.
Milli İncəsənət Muzeyinin yapon incəsənəti kolleksiyası, xronoloji çərçivəsi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Yapon incəsənəti kolleksiyasının əsasını Azərbaycan burjuaziyasının mülkiyyətindən müsadirə olunan və milliləşdirildikdən sonra muzey fonduna verilmiş əşyalar təşkil edir.
Hazırda muzey, yapon fəlsəfəsinin gözəllik və təbiiliyini özündə ehtiva edən Gündoğan ölkənin əsaslı dekorativ tətbiqi sənət kolleksiyasına sahibdir.
Sərgidə təqdim olunan yapon dekorativ tətbiqi sənət abidələri arasında bədii keramika toplusu xüsusi diqqət cəlb edir. Sərginin ekspozisiyasında dünyada nüfuz qazanmış, XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir. Parlaq rəsmləri olan çeşidli qab və boşqablar, qızılı və fiqurlu işləməli iri həcmli təntənəli dekorativ güldanlar, zərif dekorlu kiçik güldanlar, qıf şəklində yan tutacağı olan ənənəvi çaydanlar, nazik divarlı fincan və nəlbəkilər, naxışlı piyalələr, ustaca zərif miniatürlərlə bəzədilmiş çay dəstləri, gözoxşayan ətir qabları, çox nadir və orijinal formalı təraş qabları bu qəbildəndir.
Miniatür plastika sənəti, muzeyin yapon incəsənəti kolleksiyasında qiymətli fil sümüyü üzərində virtuoz oyma texnikası ilə işlənmişdir. Sərgidə, həmçinin, süjetli səhnələr və nəbati naxışlarla bəzədilmiş fil sümüyündən hazırlanmış bir neçə qutu, XVIII-XIX əsrlərə aid sədəf haşiyəli valehedici yelpiklər, döyüşçülərin qüruru sayılan sümükdən hazırlanmış katana (qılınc) qınları yer almışdır.
Sərgi, tamaşaçıları məftunedici rəng çalarları ilə sevilən mənzərə tematikasında ustalıqla işlənmiş ecazkar yapon tikmə nümunələri ilə tanış edir.
Gündoğan ölkənin zərif, sirli və füsunkar incəsənətinə olan tükənməz maraq əsasında onilliklərlə formalaşan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı yapon incəsənəti bədii nümunələrinin təqdim olduğu hazırki sərgi bütün təlaşı onun hüdudlarından kənara qoyaraq, tələsmədən zahirən sadə görünən, lakin yapon sənətkarlarının gözündə zəriflik simvolu olan bu gözəlliyin fərqinə vararaq əsrarəngiz ab-havaya qərq olunan sanki kiçik bir dünyadır.
azertag.az