Mədəniyyət və turizm naziri Moldova nümayəndə heyəti ilə görüşüb
2.3.2018

Martın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qeyd edək ki, Moldova nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə martın 3-dək Bakıda keçirilən “Moldova ədəbiyyatı günləri”ndə iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Nazirlikdən bildirilib ki, Ə.Qarayev qonaqları salamlayaraq “Moldova ədəbiyyatı günləri”ni ikitərəfli əlaqələr üçün ciddi addım kimi dəyərləndirib. Bildirib ki, bu cür qarşılıqlı layihələr ümumilikdə Azərbaycan-Moldova arasındakı əməkdaşlığa stimul verir: “Tədbirə Moldovanın tanınmış mədəniyyət və ədəbiyyat xadimlərinin dəvət olunması ədəbiyyat adamlarının bir-birini tanımasına xidmət edir. Bu gün hər iki tərəfin bir-birinin ədəbi mühiti ilə tanışlığı cəmiyyətin ölkələrimiz arasında baş verən mədəni proseslərdən xəbərdar olmasına şərait yaradır”.

Səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəliliyinə ümidvar olduğunu qeyd edən Əbülfəs Qarayev diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Moldova arasında əlaqələr yüksək xətlə inkişaf etməkdədir. GUAM üzvü olan ölkələrin birgə layihələrində Moldova ilə əməkdaşlığın perspektivləri və ortaq layihələrin müsbət nəticələrini vurğulayan nazir Azərbaycanda keçirilən mədəniyyət layihələrində Moldovanın aktiv iştirakından məmnunluğunu ifadə edib. Bildirilib ki, Moldova incəsənət ustaları mütəmadi olaraq Azərbaycanda keçirilən beynəlxalq musiqi, teatr və digər festivallarda iştirak edirlər: “Kitab və mətbuat sahəsində əməkdaşlıq isə bu tanışlığı bir addım da yaxınlaşdırır. İnsanların intellektual inkişafına xidmət edən kitabların və ədəbiyyat adamlarının tanıdılması mühüm əhəmiyyət kəsb edir”.

İki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə hər iki ölkənin səfirliklərinə və Moldova Azərbaycanlıları Konqresinə təşəkkürünü bildirən Əbülfəs Qarayev xalqlarımız arasında oxşar mədəniyyətlərin olduğunu vurğulayıb. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın Novruz bayramı ilə Rumıniya və Moldova respublikalarının milli bayramı olan Bahar günü - Martişor bayramı arasında oxşar xüsusiyyətlər qeyd edilib.

Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postike səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. O, Bakıda “Moldova ədəbiyyatı günləri” layihəsinin həyata keçirilməsində göstərdiyi təşəbbüsə görə əlaqədar təşkilatlara minnətdarlıq edib.

Qeyd olunub ki, iki ölkə arasında son 25 ildə siyasi, mədəni, iqtisadi əlaqələr inkişaf edib, Moldovada Azərbaycan diasporunun normal fəaliyyəti təmin olunub. Georq Postike Moldovada nəşr olunan “Azərbaycan xalçaları” seriyasından təqvimi nazirə təqdim edib.

Görüşdə iştirak edən Moldovanın Azərbaycandakı səfiri Georq Leuka Azərbaycan Yazıçılar Birliyinə və qurumun Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, layihə çərçivəsində mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının Moldova ədəbiyyatına həsr olunmuş xüsusi sayının hazırlanması, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin “Mənə ölməyi öyrət” kitabının müzakirəsi və təqdimatları, habelə Moldova poeziya gecəsinin keçirilməsi planlaşdırılır. Bildirilib ki, Kişineuda Azərbaycan ədəbiyyatı ilə bağlı çap edilən kitabların təqdimatı keçiriləcək.

Səfir il ərzində qarşılıqlı mədəni tədbirlər planı haqqında da məlumat verib. Bildirib ki, Moldova sənət ustaları Azərbaycanda keçiriləcək Beynəlxalq Muğam festivalı, “İpək yolu” beynəlxalq musiqi festivalında iştirak edəcək, çoxsaylı qarşılıqlı layihələr reallaşdırılacaq.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov konqres tərəfindən görülən işlərdən söz açıb. Vurğulayıb ki, konqres Moldovada fəaliyyət göstərən yaradıcı ittifaqlarla sıx əməkdaşlıq edir.

Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanu mədəni sahədə əlaqələrin möhkəmlənməsində maraqlı olduqlarını bildirib: “Mədəni yaxınlıq ölkələr arasında ictimai-siyasi vəziyyətə hər zaman müsbət təsir göstərir. Kişineuda Azərbaycan yazıçılarının hekayə antologiyası, Xalq Yazıçısı Anarın “Ağ qoç, qara qoç” romanı nəşr edilib”.

Sonda nazir Əbülfəs Qarayev 65 illik yubileyi və dünya mədəniyyətinə verdiyi töhfələrə görə Moldova Yazıçılar Birliyinin sədri Arkadi Suçevyanuya və Azərbaycan və Moldova arasında ədəbi və mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova fəxri fərman və hədiyyələr təqdim edib.

azertag.az