“Azərbaycan ədəbiyyatı antologiyası” qazax dilində çapa hazırlanır
2.3.2018

Beynəlxalq Türk Akademiyası (TWESCO) “Azərbaycan ədəbiyyatı antologiyası”nın qazax dilində nəşrini həyata keçirir.

“Azərbaycan ədəbiyyatı antologiyası” layihəsində 20-dək azərbaycanlı şair və yazıçının qazax dilinə tərcümə olunmuş əsərləri yer alacaq. Akademiyanın rəhbəri Darxan Kıdıralinin sözlərinə görə, TWESCO-nun həyata keçirdiyi türk dünyası ədəbiyyatı antologiyası seriyasından ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası” çap ediləcək.

Kitabda Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Mir Cəlal Paşayev, Məmməd Araz və digər ədiblərin seçilmiş əsərləri yer alıb.

Eyni zamanda, bu il böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90, tanınmış qazax şairi Mağjan Jumabayın 125, cədidçilik cərəyanının banilərindən biri Şəhabəttin Mərcaninin 200 illik yubileylərini, nüfuzlu rusiyalı türkoloq Vilhelm Radlofun ölümünün 100-cü ildönümünü nəzərə alaraq bu il akademiya tərəfindən silsilə tədbirlər həyata keçiriləcək.


azertag.az