Prezident İlham Əliyev Xalq Artisti Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb
7.3.2018

Prezident İlham Əliyev martın 6-da Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq Artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Həsən Turabovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

azertag.az