Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxumaq ənənələrinin bərpası məqsədilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun yaradılması ilə bağlı tədbir keçirilib.
Nazirlikdən verilən məlumata görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyəti, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxış edərək kitabın uğurlu gələcəyə aparan yol olduğunu söyləyib.
Tədbirdə klubun üzvləri çıxışlarında layihəni yüksək qiymətləndirərək bunun uşaqların tərbiyə, habelə biliyə qarşı marağının artırılmasına xidmət etdiyini qeyd ediblər.
Mərkəzin mütəxəssisləri Elnarə Hacıyevanın “Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə” və Ceyhun Əhmədovun “Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları” mövzusunda məruzələri dinlənilib.
Sonra məktəbin şagirdləri məşhur yazıçı və şairlərin əsərlərini səsləndiriblər.
azertag.az