Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
9.3.2018

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu diplomatik qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə səfirlikdə və Mədəniyyət Mərkəzində çalışan xanımlar, Daşkənddəki diasporumuzun fəal qadın üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfirinin xanımı Gülzar Quliyeva bayram münasibətilə qadınları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Gülzar Quliyeva bayramın tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur. Ölkəmizdə qadınlara göstərilən diqqət və qayğı haqqında söhbət açan Gülzar Quliyeva deyib ki, Azərbaycan BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulub.

O, Azərbaycanda zərif cinsin nümayəndələrinin dövlət və hökumət strukturlarında geniş təmsil olunduğunu bildirib, Özbəkistanda yaşayan qadınlarımızın ictimai işlərdə fəal olduqlarını diqqətə çatdırıb.

Tədbir bayram süfrəsi arxasında davam etdirilib.

Sonra Elvin Mirzəyevin ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Əli və Nino” bədii filmi göstərilib, qadınlara gül təqdim olunub.

azertag.az