Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi sənət ocağının yeni tamaşalarından olan “Vavuna” ilə teatrsevərlərin görüşünə gələcək. Belə ki, nümayişi martın 17-nə nəzərdə tutulan tamaşa sənət ocağının əməkdaşı Vüsal Rzasoyun əsəri əsasında səhnələşdirilib. Əməkdar Artist Nargilə Qəribovanın quruluşu əsasında baxılacaq səhnə əsərinin bədii rəhbəri teatrın baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadədir.
Bu barədə Pantomima Teatrının direktoru, Əməkdar Artist Elman Rəfiyev məlumat verib. Sənət ocağının direktoru deyib ki, səhnə əsərində Vüsal Rzasoy və Nargilə Qəribova çıxış edəcək.
“Tamaşanın məğzi belədir: Vuvana insanın məkansızlıq və zamansızlıq içində yaratdığı və yaşadığı bir məkan, kiçik dünyadır. Bu dünyada insanın fikir və düşüncələri yox, yalnız ruhu, qəlbi və hərəkətləri var olur. Vuvana insanın fikirlərindən təmizlənməsi, qəlbi və sevgisi ilə yaşadığı bir aləm və ya bir haldır. İnsan orada öz var olmağını və hisslərini yüksək dərəcədə dərk edərək yaşayır. Həmin insan, ağac, su, daş, od, torpaq və sevgi olur, eyni anda. Həmçinin o, kişi və qadın ola bilir. İnsan, həm də kainatla iç-içədi, yaxın əlaqədədi. O, kainatda baş verən səsləri, işıq və hərəkətləri duyur. Vuvanada olan insan elə kainatın öz harmoniyası ilə yaşadığı və hərəkət etdiyi uçun elə o, məhz, kainatin özüdür. Vuvanadakı insanların sevgisi də kainatın və həyatın sevgi zərurətindən yaranıb”, - deyə E.Rəfiyev söyləyib.
azertag.az