Türkiyənin məşhur “Kurtlar Vadisi” teleserialında Ömər Baba obrazı ilə yadda qalan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan “Uçqun”, “Gözəlçələr”, “Ziyarətçi” və “Matryoşka” tamaşalarının müəllifi kimi adı çoxlarına tanış gələn, müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, qonaqları sənət ocağının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə aparılan təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şərait ilə yaxından tanış olublar.
Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın möhtəşəm səhnəsində quruluşçu-rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, ideya müəllifi və bədii rəhbəri teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev olan “Nuri-didə Ceyhun” tamaşasının məşqlərinə baxıblar.
Növbəti səfərlərində də Musiqili Teatra mütləq gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildirən hər iki tanınmış qonaq məşq prosesini izləyərkən heyranlıqlarını gizlətməyiblər.
azertag.az