Sərhəd bilməyən incəsənət
14.3.2018

Martın 13-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının konfrans zalında F.Köçərli adına Respublika Uşaq Kitabxanası ilə Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli musiqi alətləri” adlı skayp-görüş keçirilib.

Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova Novruz bayramı ərəfəsində keçirilən tədbirin əsas məqsədinin ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq qurmaqla uşaqlara yeni dostlar qazandırmaq və onları iki ölkənin qədim musiqi alətləri haqqında məlumatlandırmaq olduğunu deyib.

Tədbirdə Ukraynanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Aleksandr Sençenko, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova və başqaları iki xalqın yetişməkdə olan gəncliyinin məktəb illərindən başlayaraq dostluq əlaqələrinin qurulmasını alqışlayıblar. Bildirilib ki, iki xalqın gənclərinin bir-birinin mədəniyyətləri ilə tanış olması, qədim musiqi alətləri haqqında məlumat toplaması müsbət haldır.

Görüşdə skayp vasitəsilə Georgi Şaroyev adına 35 nömrəli uşaq musiqi məktəbinin tələbələri, 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri, Azərbaycan Avropa liseyinin V sinif şagirdləri ilə Ukraynanın V sinifdə oxuyan məktəbliləri qarşılıqlı olaraq hər iki tərəfin musiqisi və musiqi alətləri ilə tanış olublar.

Sonda onları maraqlandıran bütün suallara cavab tapmaqla yanaşı, mövzu ilə əlaqədar geniş formada fikir mübadiləsi aparılıb.

azertag.az