Biləsuvar regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cocuq Mərcanlı kəndində olub
14.3.2018

Martın 13-də Biləsuvar regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olub.

İdarədən bildirilib ki, qonaqlar əvvəlcə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar. Sonra “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.

Regional idarənin mədəniyyət və incəsənət ustaları Cocuq Mərcanlı kənd sakinləri ilə həmsöhbət olublar.

İdarənin rəisi Elçin Hüseynov işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Cocuq Mərcanlı Prezident İlham Əliyevin Sərəncamına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib.

Regionun incəsənət ustaları Əlikram Bayramov, Babək Kərimov, Natiq Məmmədov, Vüsal Zamanov, Səxavət Əsgərov, Elman Məmmədov, Gülnarə Qarabağlı və “Cəngi” xalq kollektivi geniş konsert proqramı ilə çıxış ediblər.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva mənəvi dəstəyə və kütləvi tədbirin təşkilinə görə Biləsuvar regional Mədəniyyət və Turizm İdarəsinin kollektivinə minnətdarlığını bildirib. Cocuq Mərcanlı kəndinin yenidən qurulmasının və sakinlərin 24 ildən sonra doğma yurdlarına qayıtmasının Böyük Qayıdışın başlanğıcı olduğunu diqqətə çatdırıb, bütün məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdacaqlarına əminliyini bildirib.

Qonaqlar Cocuq Mərcanlıda yeni tikilən sosial-mədəni obyektlərlə tanış olublar.

azertag.az