Gənc Tamaşaçılar Teatrında premyera
19.3.2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Novruz bayramı ərəfəsində təqdim olunan tamaşa uşaqlar tərəfindən böyük maraqla izlənilib. Axı, Çeburaşka bütün uşaqların sevimli personajıdır. Onun ən yaxın dostu Genanın səhnədə peyda olması ilə başlanan əhvalatda uşaqlara dostluq, səmimiyyət və dürüstlük kimi insani keyfiyyətlər aşılanır. Səhnə əsərini izləyən balaca dostlar mehriban, hər kəsə kömək etməyə hazır olan Çeburaşkanı çox sevdilər. Onlar Çeburaşka ilə birgə sevinib onunla birgə kədərlənirdilər. Uşaqlar bu tamaşanı izləyərkən bir daha başa düşdülər ki, dostluqda sədaqətli, hər zaman dürüst olmaq lazımdır və əsl dostluq paxıllıq hissinin nə olduğunu bilməməkdir.

Uşaqlar tərəfindən alqışlarla qarşılanan birhissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada rolları Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Səbinə Məmmədova, Ceyhun Məmmədov, Zülfiyyə Alhüseynova, Xaliq Bəkirov, Ədalət Əbdülsəməd və başqaları ifa ediblər.

azertag.az