Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən VI könüllülük proqramına aparılan sənəd qəbulu başa çatıb.
İdarənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, proqramda iştirak etmək üçün 100-ə yaxın könüllü elektron (konullu@baku.edu.gov.az) qaydada sənəd verib.
Onlardan müvafiq meyarlar üzrə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibədən uğurla keçən şəxslər aprel ayından etibarən BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 5 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk Könüllülük Proqramında 15, II Könüllülük Proqramında 26, III Könüllülük Proqramında 35, IV Könüllülük Proqramında 42, V Könüllülük Proqramında isə 29 nəfər müxtəlif sektorlarda, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində fəaliyyət göstəriblər. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.
report.az