Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ədəbiyyatımızın dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrdən olan "Sirr" (Azərbaycan hekayələri) kitabı Berlində təqdim olunub.
Tərcümə Mərkəzindən bildirilib ki, Almaniyanın “Hans-Yürgen Maurer” nəşriyyatında çap edilən kitabın təqdimat mərasimi Berlin Poeziya Evində baş tutub.
Mərasimi giriş sözü ilə tədbirin moderatoru, filologiya elmləri doktoru Maykl Hess açaraq deyib: “Bu kitab XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənəsi və xalqı ilə yaxından tanış olmaq üçün bir pəncərədir. Özünün və ölkəsinin mənzərəsini öz əsərində əks etdirmiş yazıçıların bir araya gətirilməsi, ümumilikdə bu ölkə və onun xalqı, milli mənəvi dünyası və düşüncəsi haqqında geniş təsəvvür yaradır”.
Kitabın Almaniya-Azərbaycan ədəbiyyatı arasında körpülərin yaradılmasında əhəmiyyətli rolundan danışan nəşrin “Ön söz” müəllifi, Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn cəmiyyətinin sədri Ziqlinde Hartmana bu layihənin hər iki ölkənin söz mədəniyyətinə öz töhfəsini verəcəyini bildirib.
Təqdimat mərasimində Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan ədəbiyyatının tarixindən, müasir mənzərəsindən, rəhbərlik etdiyi qurumun son illərdə həyata keçirdiyi çoxsaylı beynəlxalq layihələrdən söz açıb.
Daha sonra topluya daxil olunan hekayələr oxunub. Almaniyalı aktrisa Nina Vestin ifasında Maqsud İbrahimbəyovun, Mövlud Süleymanlının və Afaq Məsudun hekayələri təqdim olunub.
Qeyd edək ki, müasir Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Afaq Məsud kimi ədəbi simalarının hekayələri toplanmış kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çeviriblər.
azertag.az