Sağlam və enerjili olmaq üçün FAYDALI MƏSLƏHƏTLƏR
28.3.2018

Yazda bir çox insanları yuxu basır, onlar tez yorulur, ən xırda məsələlərdən qıcıqlanır, zahiri görünüşləri isə xəstəhal olur.

Mütəxəssislərin fikrincə, bütün bunlar qışın, günəş çatışmazlığının və avitaminozun fəsadlarıdır. Bəs sağlam və enerjili olmaq üçün nə etməli?

Alimlər bildirirlər ki, yazda günün işıqlı vaxtının uzanması nəticəsində orqanizmdə maddələr mübadiləsi sürətlənir: bu zaman insana daha çox enerji və hüceyrələrin yenilənməsi üçün zəruri olan faydalı mikroelementlər lazım olur. Bəsləyici maddələrin çatışmazlığı orqanizmin ümumi tonusunun düşməsinə, immunitetin zəifləməsinə və bunun nəticəsində mövsümi sağlamlıq problemlərinə, xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.

Bundan əlavə, tərkibində C, B, E və A vitaminləri olan məhsulları yemək faydalıdır. Alimlərin sözlərinə görə, bu nutriyentlər tonusun bərpa olunması, sinir sisteminin sabitliyinin saxlanması və dərinin vəziyyətinin yaxşılaşması üçün əsas maddələrdir.

İmmunitetin yaxşı olması üçün bağırsağın mikroflorası sağlam olmalıdır. Mütəxəssislər tövsiyə edirlər: “Tez-tez soyuqlamaq və yorulmaq bağırsaqların işlək vəziyyətdə olmaması ilə bağlıdır. Təzə və fermentləşdirilmiş tərəvəz, meyvə, habelə ağartı məhsulları bağırsaq mikroflorasını və həzm traktını “sazlamağa” kömək edir”.

Baharda tənəffüs hərəkətləri də əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir, təzyiqi və qan dövranını normallaşdırır. Ürək, ağciyər və baş beyin oksigenlə yetərincə təmin olunmayanda, mübadilə prosesləri pozulur. Yazda xüsusən iynəyarpaqlı meşəyə tez-tez gəzintiyə çıxmaq məsləhət görülür. Ağciyəri şəhər havasının tərkibindəki zərərli maddələrdən təmizləmək üçün istirahət günləri təbiətin qoynunda dörd saat keçirmək kifayətdir.

saglamolun.az