Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Xalq Artisti Azər Paşa Nemətov səhnə əsəri haqqında məlumat verib. Bildirib ki, tamaşa sənət ocağının nəzdində olan Abbas Mirzə Şərifzadə adına səhnədə ilk dəfədir nümayiş olunur. Martın 29-da bu səhnədə “Qəribə əhvalat” tamaşası teatrsevərlərə təqdim ediləcək. Eyni zamanda, bu səhnədə mütəmadi olaraq müxtəlif tamaşalar izləniləcək.
Sonra qonaqlar tamaşaya baxıblar.
Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.
Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azər Paşa Nemətovdur.
Səhnə əsərində rollarda Əməkdar Artist Ayşad Məmmədov, aktyorlar Ziya Ağa, İlahə Həsənova, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edib. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir. Tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur.
azertag.az