Almaniyanın “Prophoto” portalı: “Nəyə görə Azərbaycana fototura getməyə dəyər?”
29.3.2018

Almaniyanın fotoqrafiya sahəsində aparıcı “Prophoto” portalında peşəkar və həvəskar fotoqrafları Azərbaycana fototurlara dəvət edən məqalə yayılıb. “Nəyə görə Azərbaycana fototura getməyə dəyər?” sərlövhəli məqalə peşəkar fotoqraf Georq Şuhun Azərbaycana səfər təəssüratları əsasında qələmə alınıb.

Məqalənin girişində Azərbaycan haqqında adətən məlumatın azlığı, olan məlumatların da neft ölkəsi, Bakı, neft metropolu və ya Ermənistanla müharibə kimi klişelərdən ibarət olması qeyd edilir. Bildirilir ki, Avropanın nüfuzlu “Blende” fotomüsabiqəsinin iştirakçısı Geroq Şuh isə Azərbaycana səfər etmək fürsətindən yararlanıb. Həmin səfərdən sonra o, bu ölkənin gözəlliyinə və təbii sərvətlərinə, eləcə də insanlarına o qədər məftun olub ki, onun fikrincə, bu ölkəyə sadəcə səfər etməklə kifayətlənmək olmaz. Azərbaycan hər janrın fotoqrafları üçün öz motiv rəngarəngliyi ilə maraqlıdır.

Azərbaycan haqqında ümumi məlumatlar və asanlaşdırılmış səyahət məlumatlarının yer aldığı məqalədə elektron viza almaqla ölkəyə çox rahatlıqla səfər etməyin mümkünlüyü qeyd edilir, eləcə də fotoqraflar üçün səyahətə ən uyğun fəsillər, nəqliyyat, yerli əhali ilə ünsiyyət üçün dil bilgisi, rəqəmsal infrastruktur və digər mühüm səyahət məlumatları ətraflı izah olunur.

Qeyd edilir ki, Azərbaycanın müasir və açıq bir ölkə olması təəssüratı hələ hava limanında olarkən yaranır. Şəhərin geniş küçələri boyunca fasadında “alov dillərinin rəqs etdiyi” futuristik göydələnlər və digər müasir binalar ucalır. Təkcə paytaxt Bakıya görə Azərbaycana səfər etməyə dəyər və şəhərdə xüsusilə memarlıq fotoqrafları bütün arzularına çatırlar. Bakının müasir binaları ilə yanaşı, tam şəkildə qala divarları ilə əhatələnmiş qədim İçərişəhər və XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Avropa üslubunda tikililər fotoqraflar üçün saysız-hesabsız motivlər canlandırır. Memarlıq üslubları arasındakı kəskin fərqlər fotoların müxtəlif və çoxobrazlı alınmasını təmin edir. Kilometrlərlə uzanan Bakı Bulvarı isə öz parkı, ətrafındakı binaları, əyləncə obyektləri ilə fotoqraflar üçün cəlbedici məkandır. Bulvar boyunca saatlarla gəzmək olar və burada portret fotoqrafları hər an fotoaparatlarını hazır saxlamalıdırlar, çünki burada moda, gözəllik və küçə fotoqraflığı üçün yetərincə motivlər tapmaq mümkündür.

Məqalədə, həmçinin Azərbaycanın müxtəlif regionlarında fotoqrafların diqqətini özünə çəkə biləcək motivlər barədə müfəssəl məlumatlar da öz əksini tapıb. Bakı ətrafında palçıq vulkanlarından tutmuş Böyük və Kiçik Qafqaz sıra dağlarının əsrarəngiz mənzərələrinin, tarixi məkanların, ölkənin ucqarlarındakı maraqlı məkanların landşaft fotoqraflarının obyektivi üçün cəlbedici motivlər təqdim etdiyi vurğulanır. Eyni zamanda, Gəncə şəhərindən cənubda 200 il bundan əvvəl salınmış alman koloniyaları və həmin dövrə aid yaşayış məntəqələrinin alman fotoqraflarına qeyri-adi təsir bağışlayacağı qeyd edilir.

Məqalənin sonunda minillərlə yaşı olan, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanda xaricdən gələn qonaqlar üçün çoxlu turların təşkil olunduğu, tarixi qədim dövrlərə gedib çıxan Şamaxı, Qəbələ və Şəki kimi şəhərlərdə qədim memarlıq inciləri ilə rastlaşmağın mümkünlüyü, ölkədə səyahət üçün münasib infrastrukturun yaradıldığı və dövlət tərəfindən mədəniyyət və tarixin qorunub saxlanmasına ciddi marağın mövcud olduğu vurğulanır.

Müəllif yekun olaraq qeyd edir ki, Azərbaycana səyahət etməyə dəyər və ölkənin təqdim etdiyi rəngarəngliyi nəzərə alaraq səfər üçün geniş vaxt götürmək, foto çəkilişlərində qarışıqlıq yaranmaması üçün əvvəlcədən prioritet məkan və istiqamətlər müəyyən etmək lazımdır.

azertag.az