“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə start verilib
29.3.2018

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi, İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə start verilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, müsabiqədə münsiflər heyəti kimi Rusiyanın Xalq Artisti Viktor Pelenyaqre, Rusiya və Tatarıstanın Xalq Artisti Renat İbrahimov, bəstəkar, pianoçu, Litva Musiqi Akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs Musiqi Akademiyasının professoru, Litva-Avstriya cəmiyyətinin prezidenti Petras Kunka iştirak edirlər.

Müsabiqə 7 nominasiya: vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçirilir. Müsabiqənin ilk günündə simli alətlər üzrə, akademik vokal və fortepiano ifaçılarının çıxışları dinlənilib.

Qeyd edək ki, martın 30-da Mərdəkan Mədəniyyət Sarayında qaliblərin konserti və mükafatlandırılma mərasimi olacaq. Festivalda qalib gələn iştirakçılar I, II, III dərəcəli diplomlarla təltif olunacaqlar, onlara xüsusi hədiyyələr və təşəkkürnamələr veriləcək.

Vokalçılar arasında Qran-Pri mükafatına layiq görüləcək iştirakçıya qalib üçün Rusiyanın Xalq Artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.

azertag.az