Martın 27-də M.Rostropoviçin anadan olmasının 91 illiyi ilə əlaqədar L.və M.Rostropoviçlərin ev-muzeyində, maestro sevənlər, onun həyat və yaradıcılığı ilə yaxından tanış olanlar üçün “açıq qapı” günü keçirilib.
Muzeydən bildirilib ki, gün ərzində gələn qonaqlara 3 dildə (Azərbaycan, rus , ingilis) ekskursiyalar təşkil olunub, maestroya həm sağlığında, həm də onun vəfatından sonra ithaf olunmuş filmlərdən fraqmentlər göstərilib. Həmçinin, maestronun ifasının vurğunu olanlar üçün, onun lent yazıları səsləndirilib.
Gün ərzində yerli və xarici turistlər muzeyin qonaqları olublar. Məşhur layihə olan “Silk Road”ın idarə heyətinin üzvü, amerikalı L.Keller ailəsi ilə birgə muzeydə olub. Ekspozisiyada yer alan “Silk Road” layihəsinin afişaları, Yo-Yo Ma-nın şəxsi avtoqrafı və ürək sözləri olan kompakt disklər qonaqların marağına səbəb olub.
Ziyarətçilərə məlumat verilib ki, maestro həyatı boyu dünyanın bir çox ölkəsində qastrol səfərlərində, konsertlərdə olub, lakin hər zaman ürəyi Bakı ilə döyünüb. Fürsət tapdığı zaman Bakıya gəlib, ata ocağı və dostları ilə əlaqəsini heç vaxt kəsməyib. Həmin dostluğun parlaq nümunəsini biz ekspozisiyada nümayiş olunan, ümummilli liderimiz H.Əliyev və M.Rostropoviçin yaxın dostluq əlaqələrinin əks olunduğu, bir-birlərinə yazdıqları məktublar olan vitrində görmək mümkündür. Onu sadəcə musiqiçi kimi tanıyanlar, maestronun humanitar bir insan, dünya şöhrətli violonçel ifaçısı, dirijor və bəstəkar olduğunu, onun xeyriyyəçilik fəaliyyətini, sağlığında ikən dünya vətəndaşı olmasını, dünyada adına ulduz və planet olan şəxs olduğunu öyrəndikləri zaman heyrət və təəccüblərini gizlədə bilməyiblər.
Qonaqlar M.Rostropoviçin həyat və yaradıcılığına aid ən maraqlı faktlarla tanış olublar.
Ziyarətçilər yeni, maraqlı faktlar əldə etdikləri və muzeyin zəngin ekspozisiyası ilə tanış olduqları üçün rəy kitabında xoş təəssüratlarını paylaşıblar.
azertag.az