Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində “Microsoft”la Anlaşma Memorandumu imzalayıb
2.4.2018

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) ilə “Microsoft Azərbaycan” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, memorandum təhdidlərin və təhlükələrin qarşısının alınması, kiberhücumlarla effektiv mübarizə aparılması istiqamətində kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsini həyata keçirmək, əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə imzalanıb.

Açıqlamada deyilir ki, hazırda Azərbaycan internet istifadəçilərinin qarşılaşdığı ən əsas təhdid DoS/DDoS hücumlarıdır: “Hazırda dünyada kiberinsidentlərin sayı surətlə artır. Həyata keçirilən monitorinq tədbirləri və aparılan təhlillər nəticəsində müəyyən olunub ki, ziyanverici proqramlar, fişinq hücumları, istifadəçilərin elektron poçt və sosial şəbəkə hesablarının ələ keçirilməsi, DoS/DDoS hücumlar ölkəmizdə də internet istifadəçilərinin qarşılaşdığı əsas təhlükələrdir. Anlaşma Memorandumu kibertəhlükəsizlik sahəsində “Microsoft”un xidmət və texnologiyalarından istifadə, bilik və təcrübə mübadiləsi, tədqiqatların aparılması üzrə əməkdaşlıq əlaqələrinin qurulması dövlət sektorunda lisenziyalı proqram təminatının təbliği kimi məsələləri əhatə edir”.

ETM kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini, onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici dövlət qurumudur.

Xidmət “FİRST”, “Tİ”, “CERT CC”, “CAMP”, “Anti-phishing Working Group (APWG)” kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir.

"Kiberhücumlar nəinki təşkilat və şirkətlərə maddi zərər vurur, eyni zamanda, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Tərəflər arasında imzalanan bu Anlaşma Memorandumu Azərbaycanda kiberməkanın təhlükəsizliyinin təmin edilməsində və ümumiyyətlə, ölkədə informasiya texnologiyaları sahəsinin inkişafında olduqca vacib addımdır və mühüm rol oynayacaq. Kibertəhlükəsizlik sahəsində “Microsoft”un kifayət qədər təcrübəsi, həlləri və xidmətləri mövcuddur ki, Elektron Təhlükəsizlik Xidməti ilə onları bölüşməyə hazırıq", - "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

report.az