SOCAR istiqrazlarının sahibləri daha 1,25 mln. dollar qazanacaqlar
2.4.2018

Azərbaycanın qiymətli kağızlar bazarında daha bir böyük məbləğli ödəniş gözlənilir. SOCAR istiqrazlarının sahiblərinə aprelin 17-də növbəti faizlər ödəniləcək.

“SOCAR Capital” şirkətinin məlumatına əsasən xəbər verilir ki, həmin tarixdə SOCAR istiqrazına sahib olan investorlara hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1,250 mln. dollar vəsait ödəniləcək.

Şirkətin investisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov bildirib ki, bu, istiqraz sahiblərinin ümumilikdə 6-cı faiz ödənişidir: “2017-ci ildə həyata keçirilən 4 faiz ödənişi nəticəsində SOCAR istiqrazlarının sahibləri 5 mln. dollar gəlir götürüblər. Aprelin 17-də həyata keçiriləcək faiz ödənişi ilə onların ümumi gəliri 7,5 mln. dollara çatacaq”.

“SOCAR Capital”ın departament direktoru bildirib ki, istiqrazlar üzrə faiz ödənişləri əvvəlcədən müəyyən olunan qrafik üzrə ciddi intizamla həyata keçirilir: “SOCAR istiqrazlarınnı buraxılışı və onlarla təkrar bazar əməliyyatlarının başlanması tarixinə uyğun olaraq istiqrazlar üzrə ödəniş tarixləri də məlumdur. Bir qayda olaraq ödənişə tələb olunan vəsait bir neçə gün əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülür və ödəniş günü həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olur”.

Qeyd edək ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

“Bir qədər əvvəl start verilən REPO əməliyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib. İstiqraz sahibləri bu imkandan yararlanır və REPO əməliyyatlarının həcmi sürətlə artır”,- məlumatda qeyd olunub.


report.az