Azərbaycan ərazisində havanı temperaturu iqlim normasından yüksəkdir
17.1.2013

“Yaxın 2-3 gün ərzində, yəni yanvarın 20-dək ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir. Hazırda müşahidə olunan temperatur rejimi iqlim normasından 1,6 dərəcə yüksəkdir”. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, havanın iqlim normasından 1,6 dərəcə yüksək olması böyük göstərici deyil: “Ayrı-ayrı illərdə belə hava şəraiti müşahidə olunur. Burada qeyri-adi şey yoxdur. İkinci ongünlüyün sonunadək bu cür hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır”.

U. Tağıyeva deyib ki, bu gün Bakı və Abşeron yarımadasında temperatur gün ərzində 6-11 dərəcə intervalında olacaq. Respublikanın rayonlarında 7-12 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə də cənub küləyinin əsməsi ilə əlaqədar günorta saatlarında müsbət temperatur müşahidə olunacaq, 2-7 dərəcə isti gözlənilir.

Bakı və Abşeron yarımadasında bu gün axşama doğru cənub küləyinin sürəti bir qədər artacaq, yanvarın 18-də gün ərzində güclü külək gözlənilmir. Yanvarın 19-da günün ikinci yarısında isə cənub-qərb küləyinin sürəti bir qədər artacaq. Respublikanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, dəyişkən buludlu olacaq, səhər və axşam saatlarında duman müşahidə olunacaq.

APA