Bişkekin “Turar” nəşriyyatında Hidayətin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev haqında “Mir Cəlal dünyasından sətirlər” esse-xatirə kitabı qırğız və rus dillərində nəşr edilib.
On iki il əvvəl Azərbaycan dilində işıq üzü görən kitabı qırğız dilinə Bekten Dıykanbay, rus dilinə isə Səyavuş Məmmədzadə tərcümə edib.
Müəllif kitabda böyük yaradıcı şəxsiyyət barədə işıqlı və isti xatirələrini, onun bənzərsiz əsərlərinə təkrarsız münasibətini, bu həssas insanın ətrafında baş verən hadisələrə yanaşma tərzi barədə düşüncələrini oxucularla bölüşür. Görkəmli ədib və mütəfəkkirimizlə ünsiyyətdə olmuş müəllif onun şəxsiyyətinin, ədəbi, elmi, pedaqoji fəaliyyətinin oxuculara tanış olmayan, özəl ali xüsusiyyətlərini dəqiqliyi, incəliyi ilə qələmə alır, böyük klassikimizi oxuculara necə varsa, olduğu kimi təqdim edir.
Əsər indiyəcən ana dilimizdən başqa rus, ingilis, fransız dillərində nəşr olunub. Müəllif əsərin Bişkek nəşrinə yazdığı “Ön söz”də bildirir ki, esse-xatirə qırğız dilində çapa hazırlanarkən on iki il əvvəl yazdığı kimi oxuculara təqdim edilir.
“Ön söz”də deyilir: “Mənim essem Mir Cəlal ümmanında yalnız damlalardır”.
Kitaba ədibin ailəsi və qələm dostları ilə çəkilmiş fotoşəkilləri də daxil edilib.
azertag.az