Bakıda “Suvar” ansamblı konsert proqramı ilə çıxış edəcək
3.4.2018

Mayın 7-də Heydər Əliyev Sarayında “Suvar” ləzgi və rəqs ansamblı konsert proqramı ilə çıxış edəcək.

Bu barədə kollektivin bədii rəhbəri Zavir Nəcəfov bildirib.

“Konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunacaq. Tədbir “Samur” Ləzgi Milli Mərkəzinin dəstəyi ilə keçiriləcək. Musiqili gecədə Azərbaycan estradasının ulduzları da səhnəyə çıxacaqlar”, - deyə Z.Nəcəfov bildirib.

Qeyd edək ki, “Suvar” ləzgi və rəqs ansamblı (“suvar” ləzgi dilində “bayram” deməkdir) 1996-cı ildə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü ilə və “Samur” Ləzgi Milli Mərkəzinin dəstəyi ilə yaradılıb. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib.


azertag.az