Qətərin “Əl-Cəzirə” media şəbəkəsi ilə Azərbaycanın müvafiq media qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Müzakirələr Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun “Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru Mustafa Savvaq və “Aljazeera English” kanalının icraçı direktoru Giles Trendle ilə görüşündə aparılıb.
Səfirlikdən verilən məlumata görə, görüşdə “Əl-Cəzirə” media şəbəkəsinə məxsus televiziya kanalları və elektron informasiya portallarında ölkəmizlə bağlı süjet və materialların yayılması imkanları da müzakirə edilib.
Azərbaycan-Qətər münasibətlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə ölkəmizin tarixən dini və mədəni bağlılığı olduğu ərəb dünyası ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyi diqqətə çatdırılıb. Regionun aparıcı media qurumu kimi “Əl-Cəzirə” kanalı vasitəsilə Azərbaycan, xüsusilə Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv və düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətinə toxunulub.
azertag.az