İpoteka kreditləri üzrə sığorta tarifləri endiriləcək
4.4.2018

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə həyat sığorta şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü baş tutub.

ASA-dan verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və İpoteka Fondunun rəhbərliyi iştirak edib.

İpoteka Fondunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu olub. Məsələ ilə bağlı tərəflər öz mövqelərini ifadə edib və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb. Görüşün yekunu olaraq, sığortaçıların ipoteka kreditləri üzrə sığorta tariflərinin endirilməsi barədə razılığa gəlinib. Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.

Qeyd edək ki, İpoteka Fondunun Qanuna dəyişiklik təşəbbüsü ilə əlaqədar ASA-nın təşkilatçılığı ilə həm rəhbərlik səviyyəsində, həm də işçi qrupu səviyyəsində görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq sığortaçıların Fondla görüşü təşkil olunub.

trend.az