Cari ilin 5-7 aprel tarixində ölkəmizin turizm sənayesində əsas tədbir olan 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2018”) sərgisində iştirak etmək məqsədilə Bolqarıstan Respublikasının Turizm nazirinin müavini İrena Qeorqiyeva Bakıya səfər edəcəkdir.
Səfər çərçivəsində İrena Qeorqiyeva ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında görüşün keçirilməsi nəzərdə tutulur.
Görüş zamanı Bolqarıstan və Azərbaycan arasında turizm sahəsi üzrə əməkdaşlıq məsələlərinin genişlənməsi və qarşılıqlı turist axınının təmin edilməsi məsələləri müzakirə ediləcəkdir.
Məlum olduğu kimi, Azərbaycan və Bolqarıstanın prezidentləri arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə əldə olunmuş razılığa əsasən 2018-ci il yanvarın 16-dan etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən uçuşlar həyata keçirilir.
Bu məqsədlə Bolqarıstanın turizm potensialı və mövcud turizm imkanları ölkəmizdə keçiriləcək 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2018”) sərgisində nümayiş olunacaqdır.
Eyni zamanda, Bolqarıstan bu il 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2018”) sərgisinin rəsmi partyoru olacaq.
mct.gov.az