Bakıda aprelin 27-28-də Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr edilmiş 2-ci Alman-Azərbaycan neyroradioloji simpoziumu keçiriləcək.
Almaniyanın Köln Universitet Klinikasında həkim radioloq kimi çalışan tibb elmləri doktoru Nuran Abdullayevin təşəbbüsü ilə həyata keçirilən tədbirdə Almaniyanın Aachen Universitet Klinikasında eksperimental neyroradiologiyanın rəhbəri Prof. Dr. med. Anastasios Mpotsaris, Bremen Klinikasında nevroloji klinikanın direktoru Prof. Dr. med. Andreas Kastrup və neyroradiologiyanın direktoru Priv.-Doz. Dr. med. Panagiotis Papanagiotou, Goettingen Universitet Klinikasının neyroradioloji klinikasının şöbə müdiri Dr. med. Volker Maus, Köln Universitet Klinikasının Radiologiya və Neyroradiologiya institutunun həkim radioloqu Dr. med. Nuran Abdullyev və Stuttgart Klinikasının həkim radioloqu Dr. med. Babak Rostamzadeh çıxış edəcəklər. Bu il simpoziumun prezidentliyi Almaniya tərəfindən Prof. Dr. med. Anastasios Mpotsarisə, Azərbaycan tərəfindən isə professor Rəna Şirəliyevaya həvalə edilib.
Simpoziumda bu il də keçən il olduğu kimi Azərbaycanda qurulması vacib olan STROKE mərkəz və onun təşkili haqqında Almaniyadan dəvət alan qonaqlar söhbət açacaqlar. Bundan başqa beyin damarlarının anevrizmasında bu günə qədər Azərbaycanda icra olunmayan müalicə metodları ilə bağlı çıxışlar olacaq.
Simpoziumun ikinci günü aprelin 28-i Azərbaycanda ilk dəfə olaraq Zəfəran Hospitalda Prof. Dr. med. Anastasios Mpotsaris, Dr. med. Volker Maus və Dr. med. Nuran Abdullayevin rəhbərliyi ilə Stroke xəstələrində icra olunan trombektomiya əməliyyatı model üzərində keçiriləcək.
Tədbir Aprel ayının 27-i Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davam edəcək.
report.az