Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il yanvar-mart aylarında dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması sahəsində (müsabiqənin müsahibə mərhələsi üzrə) görülən işlər barədə məlumat yayıb.
DİM-dən verilən məlumata görə, Mərkəz tərəfindən 11 və 26 yanvar tarixlərində 77 dövlət orqanında mövcud olan 1315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanları verilib.
Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilmiş və 17 iş günündə başa çatdırılıb.
Dövlət İmtahan Mərkəzi ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün Mərkəz tərəfindən hər gün keçirilən müsahibələrin nəticələri, statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı günlük yekun məlumatlar verilib.
Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə keçirilmiş bütün müsahibələrin videoçəkilişi aparılmışdır. Prosesə ictimai nəzarətin həyata keçirilməsi üçün isə QHT nümayəndələri də müstəqil ekspert qismində müsahibələrə cəlb olunub.
11 yanvar tarixli elan üzrə 44 dövlət orqanında 376 vakant vəzifəyə 642 namizədin 1700 müraciəti qeydə alınmışdır (1 namizəd bir neçə yerə müraciət edə bilər). Keçirilməsi nəzərdə tutulan 1700 müsahibədən 853-ü baş tutmuşdur. Namizədlər 451 müsahibədə iştirak etməkdən imtina etmiş, 385 müsahibədə isə iştirak etməmişlər. 7 müsahibənin nəticəsi etibarsız hesab edilib.
Beləliklə, müsahibələrdə iştirak edən 272 namizəd bir və ya daha çox (243-ü 1 vakant vəzifəyə, 24-ü 2 vakant vəzifəyə, 5-i isə 3 vakant vəzifəyə) vəzifəyə uyğun bilinib, 334 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 1700 müraciət qeydə alınan 376 vakant vəzifədən 173 vakant vəzifəyə 272 namizəd uyğun bilinib, qalan 203 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.
26 yanvar tarixli elan üzrə isə Təhsil Nazirliyində 58 vakant vəzifə üzrə 50 namizədin 108 müraciəti qeydə alınıb. Keçirilməsi nəzərdə tutulan 108 müsahibədən 49-u baş tutub. Namizədlər 32 müsahibədə iştirak etməkdən imtina edib, 27 müsahibədə isə iştirak etməyiblər. Baş tutan 15 müsahibə üzrə uğur əldə edilib, 34 müsahibə üzrə isə uğur qazanan olmayıb. Beləliklə, müsahibələrdə iştirak etmiş 15 namizədin hər biri 1 vakant vəzifəyə uyğun bilinib, 24 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 108 müraciət qeydə alınan 58 vakant vəzifədən 15 vakant vəzifəyə 15 namizəd uyğun bilinmiş, qalan 43 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.
Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbət test imtahanı keçiriləcək. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
report.az