Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Moskvada keçirilən festival-müsabiqədə qalib gəliblər
5.4.2018

Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivi Moskvada keçirilən “Açıq Avropa - Açıq Planet” 15-ci beynəlxalq uşaq və gənclərin yaradıcılıq festival-müsabiqəsində iştirak edib.

Nazirlikdən bildiriblər ki, 14 ölkədən 1500 iştirakçının qatıldığı müsabiqədə ölkəmizi təmsil edən “Azəri inciləri” rəqs qrupu müsabiqənin xoreoqrafiya bölməsində “Milli rəqs” nominasiyası üzrə “Odlar yurdu Azərbaycan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında qurulmuş rəqslə çıxış edib. “Estrada rəqsləri” nominasiyası üzrə isə “Bal rəqsləri” dərnəyi üzvlərinin ifasında bəstəkar Tofiq Quliyevin “Vals” və “Cayf” rəqsi nümayiş olunub. “Kosmos” konsert zalında keçirilən qala-konsertə müsabiqənin ən istedadlı kollektivləri qatılıb.

Münsiflər heyətinin qərarı ilə “Odlar yurdu Azərbaycan” və “Cayf” rəqsləri festivalın qalibi olub. Rəqs qrupu kubok və diploma, dərnək üzvləri Qaflan Abbasov və Anastasiya Kşnyakina isə medal və diploma layiq görülüblər.


azertag.az