Turizm bazarında bahar canlanması
5.4.2018

Bakıdakı “JW Marriott Absheron” otelində “Baku Travel Bazaar Spring Edition” ənənəvi mövsüm yarmarkası və turizm sektorundakı peşəkarların görüşü keçirilib. Dünya turizm sənayesinin aparıcı nümayəndələrinin iştirak etdiyi tədbir “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləri tərəfindən təşkil olunub.

Yarmarka çərçivəsində öz xidmətlərini təqdim etmək üçün 60 otelin, mehmanxana şəbəkəsi və kurortların, qəbul edən turoperatorların, yaxta, villa və avtomobil kirayəsi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri Bakıya səfər ediblər. Azərbaycan və Gürcüstanın 300-dən çox aparıcı turizm şirkətinin əməkdaşları bu tədbirdə öz xarici həmkarları ilə görüşə gəliblər.

Faydalı ünsiyyət və otel təklifləri

“Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyevanın sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd turizm sektorunda fəaliyyət göstərən peşəkarlar arasında təcrübə mübadiləsidir. “Forum iştirakçıları “B2B” formatı sayəsində hər bir konkret istiqaməti müfəssəl şəkildə öyrənmək, bu sektordakı yeniliklər, ideyalar haqqında məlumat almaq, onları maraqlandıran təşkilatlarla sıx tərəfdaşlıq əlaqələri yaratmaq imkanı əldə edə bilərlər. Biz ildən-ilə təkcə Azərbaycanda deyil, Qazaxıstan və Belarusda da tədbirimizə gələn turagentlərin məlumatlılığının artmasını müşahidə edirik. Əgər bir-iki il əvvəl agentliklərin əksəriyyəti yalnız yaxşı bələd olduqları əsas istiqamətlər üzrə fəaliyyət göstərirdisə, hazırda onların məlumat dairəsi genişlənib və daha çox ölkəyə turist göndərirlər. Xarici həmkarları ilə birbaşa əlaqə yaradan turist agentləri təkcə yeni biliklər deyil, həmçinin müştərilərə xidmətdə özünəinam hissi qazanırlar. Son nəticədə bütün tərəflər – yeni bazarlara çıxış əldə edən otellər və xarici şirkətlər, əlaqə bazasını genişləndirən turizm agentlikləri və əlbəttə, daha çox təklif və xidmətlər təqdim edilən turistlər qazanmış olurlar”, - deyə İ.Vedeneyeva əlavə edib.

“Baku Travel Bazaar Spring Edition”un əcnəbi qonaqları arasında həm mütəmadi olaraq tədbirə gələn daimi iştirakçılar, həm də debütantlar var. Forumun daimi iştirakçılarından biri - Türkiyənin “Spice Hotel & SPA” kurort kompleksi Bakıya yeniliklərlə gəlib. Kompleksin satış və marketinq üzrə meneceri İsmayıl Çiçəyin sözlərinə görə, onun təmsil etdiyi və Antalya sahillərinin Belek şəhərində yerləşən oteldə bu yaxınlarda yenilənmə işləri aparılıb. Burada otaqlar yenilənib, “A’la Carte” restoranları, uşaq klubu, hovuzlar, villalar və digər obyektlərin dizaynı dəyişdirilib. Türkiyəli qonaq qeyd edib ki, onun tədbirdə iştirakının əsas məqsədi Azərbaycan turistlərinə yaxşı tanış olan bu oteldəki dəyişikliklərlə bağlı azərbaycanlı həmkarlarını məlumatlandırmaqdır.

İlk dəfə Bakıya öz nümayəndələrini göndərmiş “Raffles Dubai” dəbdəbəli oteli də Azərbaycan bazarında öz yerini tutmaq arzusundadır. Bu beşulduzlu lüks otel orijinal piramida formasındadır, onun layihəsində qədim Misir motivlərindən istifadə edilib. “Raffles Dubai” otelinin satış üzrə direktoru Len Tobias bildirib ki, Azərbaycan onun təmsil etdiyi otel üçün perspektivli bazardır. Onun sözlərinə görə, təyyarə ilə uçuş məsafəsi üç saatdan az olan Bakı-Dubay istiqaməti azərbaycanlı turistlər üçün populyardır. Qonaq vurğulayıb: “Bizim Bakıya gəlişimizin məqsədi ən tələbkar müştərilərin belə ehtiyaclarına cavab verən otelimizin xüsusiyyətləri ilə həmkarlarımızı tanış etməkdir. “Raffles” şəbəkəsi 100 il əvvəl Sinqapurda yaradılıb. Dubaydakı “Raffles” oteli orijinal arxitekturası ilə yanaşı, şəhər mərkəzindəki əlverişli məkanda – yeraltı keçidlə birləşdiyi “Wafi Mall” Ticarət Mərkəzinin yaxınlığında yerləşməsi ilə əlamətdardır. Biz qonaqlarımıza şopinq üzrə fərdi xidmət göstəririk. Təntənəli mərasimlərin keçirildiyi Dubayın ən gözəl banket zallarının biri də məhz bizim oteldədir”.

Benidormun səxavəti və Frankfurt aeroportundan eksklüziv

Azərbaycan səyahətçiləri üçün daha geniş üfüqlər açılmasını qarşıya məqsəd qoyan Bakı “Travel Bazaar” yarmarkasının digər iştirakçısı İspaniyanın Moskvadakı səfirliyi nəzdində fəaliyyət göstərən Benidorm Turizm Administrasiyasıdır. İspaniyanın bu günəşli bölgəsi turistlər üçün maraqlı sürprizlərlə doludur. Administrasiyanın nümayəndəsi Yuliya Mixinanın sözlərinə görə, Aralıq dənizinin sahilində yerləşən Benidormun isti iqlimi çimərlik mövsümünün daha uzunmüddətli olmasına (iyundan oktyabradək) imkan verir. Burada istirahətə gələnlər üçün tam təhlükəsiz olan qumlu çimərliklərin maili girişi var. Çimərlikdə istirahətlə yanaşı, Benidormda yerli qəsrlərə, qayaüstü yazıların olduğu mağaralara və Valensiya, Alikante kimi tarixi şəhərlərə mənalı ekskursiyalar üçün geniş imkanlar mövcuddur. Yerli sakinlər gülərüz və qonaqpərvərdirlər. Y.Mixina əlavə edib: “Bakıdakı tədbirdə biz həmkarlarımıza bölgə ilə əlaqə yaratmaqda kömək göstərir, onları qəbul edəcək agentliklərin, otellərin, siyahısını təqdim edir, Benidormun turizm gözəlliklərini əks etdirən fotomateriallar və informasiyaları paylaşırıq. Benidormun azərbaycanlı turistlərin marağına səbəb olacağına əminəm. Orada turistləri olduqca hərarətli qarşılayacaqlar”.

“Baku Travel Bazaar Spring”in debütantları arasında Britaniyanın turist qəbul edən “Explore Global” şirkəti də var. Şirkətin Azərbaycan, Qazaxıstan və Özbəkistandakı nümayəndəsi İndira Nurşina bildirib: “İyirmi ildən çoxdur ki, bizim şirkət Böyük Britaniya və Avropa ölkələrində qrup şəklində və fərdi istirahətin təşkili üzrə ixtisaslaşıb. Biz turistlərin yerləşdirilməsi, daşınması və fərdi səfərlərini təşkil edirik, idman tədbirləri, konsertlərə biletlərin, restoranlarda masaların ayrılması və sairə ilə məşğul oluruq. Yəni, bizim turizm xidmətlərinin əhatə dairəsi tamdır. Əminəm ki, “Explore Global”ın böyük iş təcrübəsi və rəqabətədavamlı qiymətləri Azərbaycanın turizm şirkətlərinə Avropa bazarı ilə səmərəli əməkdaşlıq imkanı verəcək. Bakıda keçirilən tədbir çox məhsuldar və zəngin oldu. Mən Azərbaycan bazarında şirkətimizin biznesinin genişləndirməsi üçün yaratdığı imkana görə forumun təşkilatçılarına minnətdaram”.

Hava limanları bütün səyahətlərin ayrılmaz hissəsidir. Bunu forum iştirakçılarına “Baku Travel Bazaar Spring Edition”a ilk dəfə qoşulan Frankfurt-Mayn Beynəlxalq Hava Limanının nümayəndəsi Stefan Kopp xatırladıb. Almaniyanın bu ən böyük hava limanı Avropada sərnişindaşımalar üzrə rekordsmenlərdən biridir (2017-ci ildə 64 milyondan çox sərnişin). Gündəlik olaraq hava limanının xidmətlərindən istifadə edən çox güclü insan axınına baxmayaraq, burada hər bir sərnişinin dəyərini anlayır və ona müvafiq münasibət göstərirlər. S.Kopp deyib: “Frankfurt-Mayn Beynəlxalq Hava Limanından Azərbaycan və regionun yaxın ölkələrindən tranzit sərnişinlər də daxil olmaqla çoxlu sayda sərnişin istifadə edir. Lakin bizim əlavə xidmətlərimizdən məlumatı olanlar azdır. Bakıya gəlişimizin məqsədi də yerli turizm agentliklərini bu xidmətlərlə tanış etməkdir. Məsələn, hava limanında ailəvi səyahət edən sərnişinlər, iş adamları, tranzit sərnişinlər üçün ayrıca zona var. Bu zonada ödənişsiz fəaliyyət göstərən kinoteatrlar, uşaqların oynaması, yoqa ilə məşğul olmaq, istirahət və ibadət üçün otaqlar reysləri gözləyən sərnişinlərin ixtiyarına verilib. Hava limanının bütün istiqamətlər və aviaşirkətlərin sərnişinləri üçün ödənişli VIP zonasını ayrıca qeyd etmək lazımdır. Onları uçuş, eniş və tranzit zamanı fərdi xidmət, hava limanında olduğu bütün vaxt ərzində şəxsi yardım, məxfilik, ləziz qidalanma və digər eksklüziv xidmətlər gözləyir”.

Bakıda keçirilən “Travel Bazaar” forumunda bu və bir çox digər təşkilatlar öz təkliflərini təqdim ediblər. Azərbaycan turizm agentliklərinin yüksək fəallığı da qeyd edilməlidir. Onlar ümumi maraqlar naminə, ölkəmizdə turizm xidmətləri bazarını daha rəngarəng etmək üçün keyfiyyətli təkliflərlə gəlmiş əcnəbi həmkarları ilə həvəslə ünsiyyət qururdular.


azertag.az