Müsəlman boks kralının 71 yaşı tamam oldu
17.1.2013

Bu gün "Kəpənək kimi pərvazlanan, arı kimi sancan" boks kralının doğum günüdür.

O, özünü bütün dünyaya öz istedadı ilə sevdirdi.

GoMap.Az Wikipedia-ya istinadən məşhur boksçunun həyat və karyerasındakı uğurlu və kədərli anlarını təqdim edir.

Əsl adı Kassius Marselius Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsəsinin üzvü olan olan atası öz həyat yoldaşına oğullarını qadının istəyinə görə yetişdirməyə - baptist kilsəsinə aparmağa icazə verirdi.

Kassius 12 yaşında olarkən onun velosipedini oğrayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edir, xuliqanın dərhal həbs edilərək yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Artıq növbəti gün Kassius Martinin boks zalında məşq edirdi. Beləliklə boksla məşğul olmağa başlayan Kley 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında ilk böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medallarına layiq görülür.

Kassiusun bildirdiyinə görə o, məktəb illərində cəmi iki dəfə dalaşıb. Bir dəfə, 1960-cı il Olimpiya oyunları ərəfəsində Kley adəti üzrə səhər tezdən küçədə qaçırdı. Onun hər gün Kentukki barlarının birinin qarşısından keçməsi barın müştərilərindən birini bərk əsəbləşdirmişdi. Kassiusun qaçarkən dodağının altında: “Mən dünya çempionu olacağam”, - deməsi onu qıcıqlandırmışdı. Bir gün o, yenə barın yanından keçərkən həmin şəxs ona sataşır. Nəticədə Kley ona zərbələr endirməyə başlayır. Həmin şəxs Kleydən canını qurtarmaq üçün: “Əl çək məndən, sən dünya çempionu olacaqsan”, - deyirdi. Səhərisi gün barın müştərisi Olimpiya oyunlarında iştirak edən Kleyə: “Salam, dünya çempionu”, - deyə azarkeşlik etdi.

Kassius Kley Romada keçirilən 1960-cı il Olimpiada oyunlarında yüngül çəkidə çempion olur. Bir neçə ay sonra Kley professional rinqdə ilk döyüşünü keçirir.
1961-ci ildə Kassius dövrün məşhur “nokautçu” boksçusu Lamar Klarkla üz-üzə gəlir. O, Klarkı ikinci raundda nokauta göndərir.

1962-ci ildə Sonni Benkslə görüşdə Kley həyatında ilk dəfə nokdauna düşür. Dördüncü raundda isə Kley rəqibini nokauta göndərir.

1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb.

Məhəmməd: 1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edir. Artıq Kassius Kley yoxdur, əvəzinə Məhəmməd Əli vardır. O, həmçinin, Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olur.

Həmin dövrdə bu təşkilat qaradərili müsəlmanların təşkilatı hesab olunurdu. Təşkilatın rəhbəri Aliya Məhəmməd təşkilata yeni üzv seçilən boksçuya Malkolm X-in razılığından sonra Kassius X adını verir. 1964-cü il mart ayının 6-da Malkolm X onu özü ilə birlikdə Birləşmiş Millətlər Təşkilatına dördgünlük səfərə aparır. Həmin gecə Aliya Məhəmməd Kasiusun adının dəyişdiyini və bundan sonra onun Məhəmməd olduğunu radiodan bəyan edir.

İlk dövrlərdə Kassiusu Məhəmməd kimi yalnız bir neçə jurnalist qəbul edirdi. Belə ki, bu ad onun sözügedən təşkilatdan olduğuna işarə idi. Gənc boksçunun bu təşkilata üzv olması bir sıra dairələri də bərk narahat edirdi. Onlar təşkilatın digər üzvləri kimi Əlini də separatçı hesab edir və ondan şübhələnirdilər. Müsahibələrinin birində Əli ağ və qara dərili insanların inteqrasiyası fikrini tənqid edərək, ağlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdi. Əli öz fikrində israr edirdi. Onun fikrincə, ağdərili insanların qaraları görən gözü yox idi. 1975-ci ildə Aliya Məhəmmədin vəfatından sonra Əli əsas islam cərəyanı olan sünni islama mənsub olduğunu bildirir.

1965-ci ilin noyabrında Əli Floyd Pattersonla titulunu müdafiə etmək üçün ikinci dəfə döyüşür. Əli bu döyüşdə xüsusi səylə rəqibinə zərbələr endirirdi, çünki döyüşdən əvvəl Patterson onu yeni adı - Əli adı ilə çağırmaqdan imtina etmiş və onu Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olduğuna görə qınamışdı.1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman ABŞ Vyetnam ilə müharibəyə girişmişdi. Əli orduda xidmət etməkdən imtina edir. O, özünü könüllü imtinaçı adlandırırdı. Əli ABŞ-ın başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edirdi. “Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada “qara zənci” çağırmayıblar. Bu ədalətsiz bir müharibədir”, - deyə Əli açıq şəkildə bildirirdi. Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını əldən alaraq, Əlini 3 il müddətinə boksdan uzaqlaşdırır.

Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman Əlini dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı. Əli ictimaiyyətin hörmət və ehtiramını qazanırdı. Axı, o, öz prinsiplərinə sədaqət nümayiş etdirmişdi.

1970-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilir. Bu işdə ona Corcia ştatından olan senator köməklik edir. Belə ki, o zaman Corcia ştatı ABŞ-da boks lisenziyası olmadan döyüşlərin keçirildiyi yeganə ştat idi.

1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında “Əsrin döyüşü” adlandırılan döyüş baş tutur. Döyüş Freyzerin qələbəsi ilə başa çatır. Bu iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda üz-üzə gəlirlər. Bu, Əlinin ilk məğlubiyyəti olur.

1973-cü ilin martında Əli karyerasında hakimlərin mübahisəli qərarından sonra ikinci dəfə Kenon Nortona məğlub olur.
1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlir və onu məğlub edir.

Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Bu döyüş “Cəngəllikdə guppultu” adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilir.

1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi "Rokki" filminin ssenarisinin “əsasını qoyur”. Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr “yeyən” və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlir.

1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilir. Görüş Filippinin Manila şəhərində 30 dərəcədən artıq isti havada keçirilir. Bu, sonadək aqressiya dolu döyüş idi. Görüşün 14-cü raundunda Freyzerin küncü döyüşü davam etdirməkdən imtina edir və Əli qələbə qazanır. Bu döyüş “Manilada Triller” adını qazanır. Döyüşdən sorna Əli Freyzeri özündən sonra ən yaxşı boksçu adlandırır.

1978-ci ildə Əli Leon Spinksə məğlub olur. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır. 1981-ci ildə Trevor Berbikə məğlub olan Əli boksu tərk etdiyini elan edir.

Əli nüfuzlu boks jurnalı Rinq-in ən çox ilin boksçusu elan edilən idmançıdır.
1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı Məhəmməd Əli Bulvarı kimi dəyişdirilir.

Bir neçə il sonra tanınmış boksçuda parkinson xəstəliyinin əlamətləri görünməyə başlayır, onun danışığı və refleksləri pisləşməkdə davam edir. Fiziki çatışmazlığa baxmayaraq, Əli hələ də ictimaiyyətin sevdiyi sima olaraq qalır.

1991-ci ildə Tomas Hauzer tərəfindən “Məhəmməd Əli: Onun həyatı və zamanlar” adlı kitab işıq üzü görür. Əliyə dünyada ən çox tanınan amerikalı olduğuna görə, “Amerikanın ruhu” mükafatı təqdim olunur.

1999-cu ildə atasının etirazlarına baxmayaraq, Əlinin qızı Leyla Əli də boksçu karyerasına başlayır. Ancaq Əli zərif cinsin nümayəndələrinin boksla məşğul olmasına mənfi münasibət bəsləyirdi2001-ci ildə Əlinin həyatı ekranlaşdırılır. Əli filmində əsas rolu məşhur Hollivud ulduzu Uill Smit ifa edirdi. Uill Smit əvvəlcə rolu ifa etməkdən imtina edir. O, ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edir. Smitin dediyinə görə, Əlinin onun haqqında dediyi ilk söz: “Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən”, - olub.

2002-ci ilin noyabr ayının 17-də Əli Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edir. O, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir sifəti ilə Kabildə qalır.

2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilir. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilir. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi.

2005-ci il noyabrın 19-da Əlinin 19-cu evlilik ildönümü günü doğma Luisvildə 60 milyon dollarlıq xeyriyyə məqsədli Məhəmməd Əli Mərkəzi açılır.

Milli.Az .