Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvar-mart aylarında dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması sahəsində (müsabiqənin müsahibə mərhələsi üzrə) görülən işlər barədə məlumat yayıb.
DİM-dən bildiriblər ki, mərkəz tərəfindən yanvarın 11-də və 26-da 77 dövlət orqanında olan 1.315 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanları verilib.
Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilib və 17 iş günündə başa çatdırılıb.
DİM ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, şəffaflığın təmin edilməsinə, habelə görülən işlərlə bağlı ictimai nəzarətin təşkilinə daim önəm verdiyi üçün mərkəz tərəfindən hər gün keçirilən müsahibələrin nəticələri, statistik göstəricilər, müsabiqə vəziyyəti və s. ilə bağlı gündəlik yekun məlumat verilib.
Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə keçirilmiş bütün müsahibələrin videoçəkilişi aparılıb. Prosesə ictimai nəzarətin həyata keçirilməsi üçün isə QHT nümayəndələri də müstəqil ekspert qismində müsahibələrə cəlb olunublar.
Yanvarın 11-də verilmiş elan üzrə 44 dövlət orqanında 376 vakant vəzifəyə 642 namizədin 1.700 müraciəti qeydə alınıb (bir namizəd bir neçə yerə müraciət edə bilər). Keçirilməsi nəzərdə tutulan 1.700 müsahibədən 853-ü reallaşıb. Namizədlər 451 müsahibədə iştirakdan imtina edib, 385 müsahibəyə isə qatılmayıblar. Yeddi müsahibənin nəticəsi etibarsız hesab edilib.
Beləliklə, müsahibələrdə iştirak etmiş 272 namizəd bir və ya daha çox vəzifəyə (243-ü bir vakant vəzifəyə, 24-ü iki vakant vəzifəyə, beşi isə üç vakant vəzifəyə) uyğun bilinib, 334 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 1700 müraciət qeydə alınan 376 vakant vəzifədən 173 vakant vəzifəyə 272 namizəd uyğun bilinib, qalan 203 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.
Yanvarın 26-da verilmiş elan üzrə isə Təhsil Nazirliyində 58 vakant vəzifə üzrə 50 namizədin 108 müraciəti qeydə alınıb. Keçirilməsi nəzərdə tutulan 108 müsahibədən 49-u reallaşıb. Namizədlər 32 müsahibədə iştirakdan imtina edib, 27 müsahibədə isə iştirak etməyiblər. Onlar 15 müsahibə üzrə uğur əldə ediblər, 34 müsahibə üzrə isə uğur qazanan olmayıb. Beləliklə, müsahibələrdə iştirak etmiş 15 namizədin hərəsi bir vakant vəzifəyə uyğun bilinib, 24 namizəd isə qatıldığı heç bir müsahibədə müvəffəqiyyət qazana bilməyib. Ümumilikdə, 108 müraciət qeydə alınan 58 vakant vəzifədən 15 vakant vəzifəyə 15 namizəd uyğun bilinib, qalan 43 vakant vəzifəyə isə heç bir namizəd uyğun hesab edilməyib.
Yanvarın 11-də və 26-da elanı verilmiş müsahibələrdə dövlət orqanlarında vakansiya, müraciət, uyğun hesab edilən, edilməyən, imtina edən, iştirak edənlərin sayı, həmçinin ayrıca olaraq heç bir müraciət qeydə alınmayan dövlət orqanları, vakansiya sayı və s. haqqında məlumatla http://dim.gov.az/upload/iblock/7ce/7ceee80e24101fbc640fedae5a04c85f.pdf linkində tanış olmaq mümkündür.
Xatırladaq ki, heç bir müraciət qeydə alınmayan və ya keçirilən müsahibələr nəticəsində tutulmayan vakant yerlər müsahibə elanlarında yenidən müsabiqəyə çıxarılır.
DİM tərəfindən isə aprelin 22–də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbəti test imtahanı keçiriləcək. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
azertag.az