MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışına başlayır
6.4.2018

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına mayın 7-də, saat 10:00-da başlanılacaq.

MİDA-ya istinadən xəbər verilir ki, satış avqustun 7-nə qədər davam edəcək.

Xatırladaq ki, ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. “Güzəştli Mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı və 27.12.2016-cı il tarixli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verib.

Satış şərtləri və qiymətlər:

Ölkə prezidentinin 16.11.2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondunun təyin etdiyi orta bazar qiymətindən aşağı müəyyən olunub. 1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 65 626 manatdan başlayır. Bu məbləğ əlavə dəyər vergisi (ƏDV) daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Yasamal Yaşayış Kompleksinin yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür. Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla mida.gov.az və mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış olmaq mümkündür.


report.az