Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında “Kəlağayı - Azərbaycan ipəyinin incisi“ adlı kitab özbək və rus dillərində paytaxtdakı “Mashur-press” nəşriyyatında çapdan çıxıb.
Topluda Azərbaycan mədəniyyətinin rəmzlərindən biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı sənəti, ölkəmizdə ipəkçiliyin tarixi, inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının kəlağayı barədə fikirləri öz əksini tapıb.
Kitabda Azərbaycanda unikal və ənənəvi qadın baş geyimi olan kəlağayı, onun hazırlanması, nəfis ipəyə vurulan füsunkar naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-cü ilin noyabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi barədə məlumat verilir. Qeyd olunur ki, iki min ildən artıq tarixi olan Azərbaycan ipəyi haqqında məlumatlar orta əsrlərdə ölkəmizə gələn səyyahlar Əl İstəxri, Əl Müqəddəsi, Marko Polo, Övliya Çələbinin əsərlərində də yer alıb. Ölkəmizə ilk dəfə olaraq ipəkqurdu Böyük İpək yolunun inkişafı zamanı Çindən gətirilib və ticarət yollarının - Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanda ipəkçiliyin inkişafına səbəb olub. Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipək ixrac edilib, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizi Azərbaycanda istehsal olunub.
Bu nəşr Azərbaycan ipəyi, kəlağayı sənətinin təbliği üçün yeni imkanlar açır, müvafiq sahənin mütəxəssisləri üçün əvəzsiz informasiya mənbəyidir. Yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq, nüsxələri Özbəkistanın kitabxanalarına, ali məktəblərinə, elmi-tədqiqat mərkəzlərinə, habelə ipəkçilik üzrə məşğul olan mütəxəssislərə göndəriləcək.
Qeyd edək ki, nəşrdə 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən “Kəlağayı” kitabının materiallarından da istifadə edilib. Kitaba “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin professoru, Basqal İpək Mərkəzinin direktoru Rəna İbrahimbəyova, tərtibçisi AMM-nin direktoru Samir Abbasovdur.
azertag.az