Qərbi Kaspi Universiteti ilə Azərbaycan Layihələrin İdarəedilməsi Assosiasiyası (AzPMA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Universitetdən bildiriblər ki, sənəd tərəflər arasında əməkdaşlıq münasibətlərini təmin etməklə layihə menecmentinin inkişafı, birgə məlumatlandırma, maarifləndirmə, layihələrin idarəedilməsi üzrə bilik və bacarıqların inkişafı ilə bağlı birgə layihələrin icrası və bu sahədə birgə fəaliyyətin qurulması, bu sahənin inkişafında milli və beynəlxalq təlimlərin icrası və digər qarşılıqlı maraq doğuran sahələrdəki əməkdaşlığı nəzərdə tutur.
Qərbi Kaspi Universitetinin rektoru, professor Andris Leitas imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib: “Qərbi Kaspi Universiteti ayrı-ayrı istiqamətlər üzrə yerli və beynəlxalq miqyasda yeni əlaqələr qurur. AzPMA ilə əməkdaşlığımız çərçivəsində müxtəlif tədbirlərin, təlimlərin, seminarların keçirilməsini, layihələrin idarəedilməsi üzrə beynəlxalq standartların mənimsənilməsi, onun inkişafı və təbliğatı məqsədilə müxtəlif təlim proqramlarının hazırlanması və həyata keçirilməsi, gənclər üçün birgə beynəlxalq standartlar əsasında layihələrin idarəedilməsi üzrə xüsusi tədris kurslarının təşkilini, beynəlxalq ekspertlərin dəvəti ilə tədris və konsaltinq xidmətlərinin həyata keçirilməsi, habelə tələbələrin Azərbaycanda beynəlxalq IPMA standartları üzrə sertifikatlaşdırılması kimi tədbirləri nəzərdə tuturuq”.
azertag.az