Azərbaycan cüdoçusu Antalya Qran-Prisinin qalibi olub
9.4.2018

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Antalya Qran-Prisinin qalibi olmaqla, turnirdə birinci və yeganə qızıl medalı ölkəmizin komanda aktivinə yazıb. O, finalda Rusiya cüdoşusu Armen Adamyan üzərində vaxtından əvvəl qələbə qazanıb.

Məmmədəli Mehdiyev və Tural Səfquliyev (hər ikisi – 90 kq) reytinq startının sonuncu günü öz hesablarına bürünc medal yazdırıblar.

Z.Kotsoyev ilk iki qarşılaşmada koreyalı Qu-Xam Ço və özbək Məhəmmədkərim Hürrəmova ipponla qalib gəlib. Daha sonra “vadza-ari” qiymətləndirilməsi ilə İrlandiya cüdoçusu Bencamin Fletçer üzərində qələbə qazanan Zelim yarımfinalda rusiyalı Niyaz İlyasovu təmiz qələbə ilə məğlub edib. Rusiyanın digər idmançısı – Armen Adamyanla həlledici qarşılaşmada idmançımız iki dəfə “vadza-ari” fəndindən xal qazanıb. Yekunda təmiz qələbə və qızıl medal əldə edilib.

Məmmədəli Tağıyev və Tural Səfquliyevin (hər ikisi – 90 kq) yarımfinala yolları oxşar olub – hər iki cüdoçumuz təmiz tullama ilə qalib gəlib. Məmmədəli braziliyalı Qustavo Assis və israilli Li Koçmanı, Tural isə İsrail idmançısı Asaf Çen və monqolustanlı Altanbaqana Qantulqanı üstələyib. Yarımfinalda üç xəbərdarlıq alan Mehdiyev Tacikistan idmançısı Komronsox Ustopriona məğlub olub. Səfquliyev isə serbiyalı dünya çempionu Nemanye Majdovun öhdəsindən gələ bilməyib. Lakin kiçik finallarda cüdoçularımız şanslarını əldən verməyiblər: Səfquliyev “vadza-ari” qiymətləndirilməsi hesabına israilli Li Koçmana qalib gəlib, Mehdiyev isə braziliyalı Rafael Maçedo ilə qarşılaşmada ippon qazanıb.

100 kiloqramdan yuxarı çəki kateqoriyasında mübarizə aparan Şahin Qəhrəmanov ilk döyüşdə Rusiyadan olan İnal Tasoyevə təmiz tullama ilə uduzub.


azertag.az